Rövnəq Abdullayev: “Neftin ucuzlaşması yeni layihələrin icrasına mane olur”
Dünya bazarına neftin qiymətinin aşağı düşməsi yeni investisiya layihələrinin həyata keçirilməsinə mane olur. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayevin sözlərinə görə, əvvəl başlanan investisiya layihələrinin icrası hazırda davam etdirilir.
SOCAR prezidenti deyib ki, SOCAR Monteneqroya sərmayə yatırmır: “Artıq neçə dəfədir biz deyirik ki, SOCAR Monteneqroya bir manat da vəsait qoymayıb. Sadəcə, SOCAR bir çox Azərbaycan şirkətləri üçün müxtəlif layihələrin icrasında vasitəçilik edir. Həmin tenderdə böyük şirkətlər iştirak edib, Azərbaycan şirkətləri SOCAR-ın brendi ilə bu tenderi udub və indi həmin işləri reallaşdırırlar. Biz, sadəcə, vasitəçilik etmişik. Bir müddətdən sonra bu prosesdən tam çəkiləcəyik və şirkətlər işlərini özləri görəcəklər”. (Report)